Makerspace Azərbaycan

Makerspace bir qrup həvəskar insanlar tərəfindən yaradılan və əməkdaşlı şəkildə idarə olunan emalatxanadır. Bu insanlar qrupuna müxtəlif peşə sahiblərindən tutmuş, ekspertlər, mühəndislər, proqramçılar, elm adamları və qurub yaratmaq həvəsi və ideyası olan istənilən şəxs daxil ola bilər.

Bu əməkdaşlı şəkildə fəaliyyət göstərən emalatxanada onlar müxtəlif maraqlı ideyalar reallaşdırır, paylaşır, təlimlər keçirir və öyrənib-öyrətməkdən həzz alırlar. Bu qrupa daxil olan insanlar “Maker Culture”, yəni praktika üzərində öyrənmə prosesini həyata keçirirlər.

DİY (Do-it-yourself) və evdə hazırlanma proyektlər uzun müddətdir mövcud olsa da, əməkdaşlı emalatxanaların yaradılması son on illikdə geniş yayılmışdır. Bu prosesə ən böyük təkanı, 2005-ci ildə yaradılan “Make Magazine” jurnalı vermiş və sonradan Makerspace ideyası dünyanın bir çox şəhərlərinə geniş yayılmışdır. Nəticədə, bir çox böyük şəhərlərdə Maker və Hackerspace-lər açılmağa başladı. Buna paralel olaraq, yenə Make Magazine jurnalının təşəbbüsü ilə bir çox yerlərdə illik Maker Faires keçirilməyə başladı. Tədbirin əsas məqsədi, müxtəlif maraqlı proyektləri başqalarına sərgiləmək və daha çox insanda qurub-yaratmağa həvəs yaratmaqdır.
Makerspace və ya Hackerspace adı ilə tanınan emalatxanalar müxtəlif faydalı avadanlıqlarla, məsələn lazer kəsici, osilloqraf, lehimləyici stansiya, 3D printerlər, CNC maşınları, və s.  təchiz olunur və həvəskarlar rahatlıqla istənilən avadanlıqdan öz layihəsini və ya təmir işini reallaşdırmaq üçün istifadə edə bilir.

Bu veb səhifəni hazırlamaqda əsas məqsədim əksəriyyəti Azərbaycanlılardan ibarət online Maker cəmiyyəti yaratmaq və öz hazırlayacağım yaxud sizlərdən gələcək maraqlı proyektlər, ideyalar, xəbərlər və s. paylaşmaqdır. Əsas planım isə yaxın gələcəkdə Bakıda ilk dəfə yuxarıda təsvir etdilən tipdə bir emalatxananın açılmasına nail olmaq və illik Maker sərgilərinin keçirilməsinə nail olmaqdır. Ümid edirəm ki, sizin dəstəyinizlə bu baş tutacaq.