Haqqımda

orkhanSalam,

adım Orxan. Bütün həyatım boyu elm və mühəndisliyə böyük marağım olub. Uşaqlıq illərindən, daim müxtəlif cihazlar təmir etmətdən və düzəltməkdən həzz almışam.
Cihazların necə işlədiyini tapmaq və onları təmir etməyə çalışmaq (hərdən daha da pozmaq) marağı mənim bu günə gəlib çatmağımda böyük rolu var. Hazırda, Almaniyada, Kaiserslautern Texniki Universitetində PhD tələbə olaraq təhsilimi davam etdirirəm. Bakalavrı İstehsalat Proseslərinin Avtomatlaşdırılması ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasında, magistr dərəcəmi isə “European Masters in Embedded Systems” (EMECS) proqramında almışam.

Özümü yüksək qabiliyyətli və ya ağıllı birisi hesab etmirəm, sadəcə daim həvəsimin və istəklərimin arxasınca gedirəm. Açığı,  hesab etmirəm ki, bilik və qabiliyyətimin böyük hissəsi tədris otaqlarından gəlir. Universitet təhsili mənə müəyyən istiqamət versə də, daim problemlərin həllini özlüyümdə araşdıraraq tapmağa çalışmışam. Albert Eynşteyn dediyi kimi: “Təhsil insanın məktəbdə öyrəndiklərini unudanda geriyə qalandır”

Mən “Maker” olaraq qurub, yaratmaqdan həzz alıram və inanıram ki, hər həvəsli və istəkli insan yeni bilik və bacarıqları rahatlıqla öyrənə bilər. Sadəcə işə qoyulmaq, yenilikləri təcrübədən keçirmək lazımdır. Bu platformada öz proyekt və ideyalarımı sizlərlə paylaşacam və sizlərə maraqlı olması üçün əlimdən gələni edəcəm. Ümid edirəm ki, bu proyektlər sizlərə maraqlı və öyrədici olacaq, hətta sizdə həvəs yaradacaq ki, bunun daha yaxşı versiyasını özünüz hazırlayasınız. Maraqlı proyekt və ya hazırladığınız cihazlar varsa, bizimlə paylaşmaqdan çəkinməyin. Çünki, bilik paylaşdıqca artır. Hər həsə uğurlar!