Məsafədən İdarəetməli Robot Maşın #4 – Yenilənmələr

Məsafədən İdarəetməli Robot Maşın seriyamızın bu dəfəki məqaləsində qısaca robotumuza etdiyimiz dəyişikliklərə nəzər salacağıq.  Bu dəyişiklikləri etməyimizdəki əsas məqsəd maşını daha dayanıqlı etmək və maneələrdən daha rahat keçməkdir. Xatirinizdədirsə biz Arduino UNO və nRF24L01 radiotransiver modulunu robotun üst hissəsində, L298n motor sürücüsünü isə ortada yerləşdirmişdik. İlk öncə motorların yerini dəyişməklə işə başlayaq.

Şəkil 1. Robot Maşın – əvvəlki görünüş

Motorların yerləşməsini orta hissədən aşağı hissəyə keçirməklə gövdənin yerdən olan hündürlüyünü təxminən əlavə 2 sm artırmış oluruq. Belədə kələ-kötür maneələri rahat aşıb-keçə biləcik.

Şəkil 2. Robot Maşın – motorların yerini dəyişdikdən sonra

Həmşinin, 3-cü hissədə yığdığımız dövrə breadboard üzərində idi. Breadboardla yığılan dövrələr sınaq üçün cəld və effektiv olsa da, uzunmüddətli istifadə üçün heç də yaxşı seçim deyil. Breadboardun metal cərgə konnektorlarının sıxma qabiliyyəti vaxt keçdikcə azaldığından siqnal əlaqəsinda tez-tez qırılmalar olacaq. Bunun qarşısını almaq üçün dövrəni protatipləşdirmə lövhəsi üzərinə köçürmək elektrik siqnalı və qida axınını daha dayanıqlı edir. Dövrəni daha da yığcam etmək üçün Arduino UNO əvəzinə Arduino Pro mini-dən istifadə edirik. Bundan əlavə iki ədəd dişi pin başlıqları da əlavə etmişik. Belədə dövrə ilə simsiz əlaqəni istər nRF24L01+, istərsə də HC-06 Bluetooth modulu ilə idarə həyata keçirə bilərik. Dövrəyə qida (Şəkil 3-də gördüyünüz qara terminal konnektoru) birbaşa batareyadan (L298n qida xəttinə paralel qoşulub) gəlir və AMS1117-3.3V SMD requlyatoru vasitəsilə batareya gərginliyini +12V-dan +3.3V-a çevrilir.

Şəkil 3. Robot kontroller platası

Lövhənin alt hissəsində lazımi lehimləmə apardıqdan sonra, yeni platamızı test edirik.

Şəkil 4. Robot kontroller platanın arxası

Testi ilk olaraq bu seriyanın 2-ci hissəsində olduğu kimi Bluetooth və Smartfonla,

Şəkil 5. Robot Maşın – HC-06 və smartfonla test

daha sonra isə nRF24L01 transiveri ilə aparırıq.

Şəkil 6. Robot Maşın – nRF24L01-lə test

Şəkil 7-dən də gördüyünüz kimi, yeni düzəltdiyimiz lövhə, motor sürücü və batareya qabı, hamsı birlikdə şassinin orta hissəsinə tam yerləşir.

Şəkil 7. Robot Maşın kontrolleri – tam görünüş

Bir qısa xatırlatma edim ki, bu tip robotlar hazırlayarkən yenidəndoldurulabilən (ing. rechargeable) batareyalar işlətmək həm ətraf-mühitin, həm də şəxsi büdcənizin qorunması baxımından daha yaxşı olardı. Robotun cərəyan sərfiyyatı 2-3 Ampterdən çoxdursa Litium-ion/polimer batareya işlətmək, əks halda Nikel-metal hidrat (Ni-MH) batareya işlətmək məsləhət görərdim.

 

Şəkil 8. Robot Maşın – əlavə görünüş

Şəkil 9. Robot Maşın Radio kontrollerlə birlikdə

Yerinə yetirdiyimiz bu dəyişiklikləri aşağıdakı videoda əyani şəkildə görə bilərsiniz.

Növbəti məqaləmizdə,  Azərbaycanda bir ilk olacaq və bir çox motorlu robot proyektlərinizi daha da rahatlaşdıracaq RoboCAP adlandırdığımız radioidarəetmə sistemini təqdim edəcəyik. Hələlik bu qədər. Oxuduğunuz üçün sağolun.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Email this to someonePin on PinterestShare on RedditShare on TumblrDigg this

Comments

comments

You may also like...

Rəy bildir